Pomidor

Pomidor (lat. Solanum lycopersicum; it. pomo d'oro – qızıl alma sözündən) — badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılmışdır. Avropada XVI əsrin ortalarında meydana gəlmişdir. Rusiyada 1780-ci ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür: adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var. Yarpaqları təklələkvarı bölümlü, çiçəyi sarıdır. Müxtəlif çalarlı qırmızı, çəhrayı, sarı və ağ meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarıdır. Diametri 3-dən 10 sm-dək, çəkisi 20–900 q-dək və daha çox olur. Tərkibində 4,5–8,1% quru maddə, o cümlədən 50% həllolan şəkərlər (monozlar), 3,5–8,5% üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor, C, B1, B2, PP vitaminləri, karotin və s. var. Meyvəsi 80–140 günə yetişir. Pomidor istisevən bitkidir, 15 °C-dən aşağı temperaturda bitki, adətən, çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.

Tomat və ya pomidor (Solanum Licopersicum L.) birillik ot bitkisidir. Bir çox növ, yarımnövü və növmüxtəlifliyi vardır. Üç növmüxtəlifliyi olan pomidor becərilir.

1. Yüksək boyatan pomidorlar: kolu ştamsız, zoğları nazik olur, meyvə verdikdə yerə yatır. Sortlarından Rıbka-52, Cənublu-1644 və s.-ni göstərmək olar.

2. Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, meyvə verdikdə yerə yatmır. Sortlarından Karlik, Neva, Krasnodar, Volqoqrad və s.-ni göstərmək olar.

3. Determinat və ya zəif budaqlı karlik (cırtdan) pomidorlar. Sortlarından Puşkin-1853, Pervenes, Kolxozçu-34 və s.-ni göstərmək olar.

Pomidor isti sevən bitki olduğundan, əsasən, orta və cənub rayonlarda becərilir. Pomidorun vətəni Amerikanın tropik rayonlarıdır. Pomidor nazik qabıq, ətli hissə, toxum kameraları və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan tomatlar ən yaxşı tomatlardır.

Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Bunlar biri digərindən formasına, rənginə, üzərinin vəziyyətinə (qabırğalı), böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənir.

Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Pomidor oval, yastı-dairəvi və konusvarı, üstü isə hamar, ya da qabırğalı olur. Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. İrilərinin çəkisi 100 q-dan çox, orta irilərinki 60–100 q, xırdalarınkı isə 60 q-a qədər olur.

Kameraların sayından asılı olaraq azkameralı (2–5 kamera), ortakameralı (6–9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.

Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana sortları ən çox aşpazlıqda salatların, 1-ci və 2-ci xörəklərin hazırlanmasında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdırlar. Pomidorun konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq üçün işlədilir. Bu pomidorların tərkibində quru maddə çox olmalıdır. Sirkəyə və duza qoyulası pomidorların ətli hissəsi bərk olmalıdır.

Pomidorun tərkibində orta hesabla 93–96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza vardır.

Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s. elementlər vardır.

Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A vitamini), B1, B2, B3, PP və P vitaminləri vardır. Pomidorda 0,4–0,6% üzvi turşu (alma, limon, az miqdarda kəhrəba və turşəng), 0,1–0,2% pektin maddəsi, kal pomidorda isə 0,3% nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin qlükozidinin miqdarından asılıdır. Kal pomidorda 4 mq%, yarımkalda 5 və yetişmədə 8% solanin qlükozidi vardır. Boya maddələrindən pomidorda karotin, likopin və ksantofil vardır. Pomidorun sortlarından Mayak, Biryuçekut, Bazar əcaibi, Qumbert və s.-ni göstərmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur. Meyvəsi orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi hamar, qırmızı rəngli, xoş dadlıdır. Bu sorta yaxın pomidor sortlarından Vosxod, Donskiy, Birinci, Volqa tezyetişəni, Zarya, Kolxozçu, tezyetişən Moldova və Tamenes göstərilə bilər. Morfoloji və əmtəəlik göstəricilərinə görə məhsuldar Maykop sortuna aid olan pomidorlar bir qrupda birləşdirilir. Buraya Brekodey, Opolçenes, Odessa, Hədiyyə, Sovet, Cənublu və s. sortlar aiddir.

Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, Delikates, Erliana- 2, Axbutin-85, Tezyetişən, Talalixin-186, Belorusiya-225, Şatilov-35 və s.-ni göstərmək olar. Bu sortlar, əsasən, Uralda, Başqırdıstanda,Tatarıstanda, Çuvaşiyada və Aşağı Volqaboyunda rayonlaşdırılmışdır.

Şimal vilayətlərində yetişdirilən pomidorlardan Bizon-639, Qribov-1180, Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a və çoxmeyvəli Ural sortlarını göstərmək olar.

Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor sortlarından Krasnodar, Volqoqrad-5/95, Donetski-3/2-1, Bizon-639, Qribov və s. xarakterizə edilir. Bunlardan başqa, İrimeyvəli, Ştamblı-152, Vosxod-119, Simferopol-765, Xırdameyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. sortlar vardır. Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli sortlardan Pridnestrov, Yenisey, Maşınlı-1, Marinadlı və s. göstərilə bilər.

Bolqarıstandan gətirilən pomidor, əsasən, adi pomidorlardan 2–3 həftə tez yetişən № 10X BIZON sortudur. Azərbaycanda, əsasən, Mayak 12/20-4, Dnestrətrafı, Volqoqrad 5/95, Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetişdirilir. Bunlardan əlavə, Bizon-637, Novoçerkassk-416, Krasnodarlı 87/23-9, Nübar-1, Peremoqa-165və Savalan sortları da becərilir. Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir: meyvəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı zərərvericiləri ilə zədələnməmiş olmalı, forması eybəcər olmamalı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən az olmamalıdır. Gavalıyaoxşar və xırdameyvəli sortlarda meyvənin ölçüsü normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq satışa qırmızı, çəhrayı və sarı (sarı meyvəli sortlar üçün) pomidor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd rəngli pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% miqdarında (çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş pomidorlar ola bilər.

Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı və qırmızı pomidorlar yalnız tədarük və istehsal rayonunun ərazisində realizə olunmalıdır. Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı çəkiyə görə 15%-dən, diametri 4 sm-dən az olan pomidorların miqdarı 5%-dən, müxtəlif yetişkənliyə malik olanlar isə (tədarük rayonlarında) 5%-dən çox olmamalıdır. İyul–avqust aylarında partiyada 10% miqdarında sütül yetişmiş pomidorların, lakin tamamilə formalaşmış meyvələrin olmasına icazə verilir. Payızda satışa bozumtul-qırmızı pomidorlar çıxarıla bilər.

Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və zədəsiz olmalıdır. Emal üçün pomidorlar saplaqsız, gün vurmamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır. Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq üçün tədarük rayonlarında işlədilir.








Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений

“Naxçıvan Bağları” MMC • 2013-2019
Webmaster • Elşən NƏSİROV • Global Network Technologies

© Müəlliflik hüququ qorunur